Rəqəmsal sahə ilə bağlı qanun yenidən parlamentə təqdim edildi
Şahmar Mövsümov: Dövlət dəstəyinin mexanizmləri dəqiqləşdirilib
“Rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün bir sıra güzəşt və imtiyazlar” nəzərdə tutan qanun layihəsi Prezidentin etirazları nəzərə alınmaqla yenidən təkmilləşdirilib və Milli Məclisin müzakirəsinə çıxarılıb.
Bunu Milli Məclisin iclasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
O qeyd edib ki, 2026-cı il 14 iyul tarixində qəbul olunan 453-VIIQD nömrəli qanun Azərbaycan Prezidenti tərəfindən Konstitusiyanın 110-cu maddəsinə əsasən Milli Məclisə geri qaytarılıb.
Şahmar Mövsümovun sözlərinə görə, həmin müddətdə sənəd aidiyyəti qurumlarla birgə təkrar müzakirə olunub və bir sıra dəyişikliklər edilərək yenilənmiş formada parlamentə təqdim edilib.
“Layihənin yenidən baxılması onun müddəalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin istiqamətlərinin və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsinə imkan verib”, - deyə Prezidentin köməkçisi bildirib.
O əlavə edib ki, yeni redaksiyada rəqəmsal ekosistemin inkişafı, innovativ məhsul və xidmətlərin yaradılması, investor və mütəxəssislər üçün əlverişli şəraitin formalaşdırılması əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib.
Şahmar Mövsümov qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində də müzakirə edildiyini və komitənin müvafiq rəyinin hazırlandığını diqqətə çatdırıb.
