Milli Məclisdə payız sessiyası açıq elan olunub
İclasda qanun layihələri və beynəlxalq sazişlər müzakirə ediləcək
Milli Məclisin 2026-cı il payız sessiyasının ilk plenar iclası keçirilir.
İclası Milli Məclisin sədri Sahibə Qafarova açıq elan edib, daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Plenar iclasın gündəliyinə 16 məsələ daxil edilib.
Deputatlar əvvəlcə 27 Sentyabr – Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatını və payız sessiyasının qanunvericilik işləri planını müzakirə edəcəklər.
Gündəliyə, həmçinin dövlət satınalmaları, cinayət və cinayət-prosessual qanunvericilik, dövlət qulluğu, vergi, diplomatik xidmət və digər sahələr üzrə qanun layihələri daxil edilib.
İclasda Azərbaycanla İordaniya, Monqolustan, Ukrayna və Slovakiya arasında bağlanmış müxtəlif saziş və protokolların təsdiqi ilə bağlı qanun layihələrinə də baxılacaq.
Həmçinin “Quba Xəzəryanı” ərazisi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsünə dair sazişin təsdiqi məsələsi müzakirə olunacaq.
