İlham Əliyev sərgi iştirakçılarına müraciət etdi
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısı müraciətində sərgi iştirakçılarını və qonaqları tədbirlərin açılışı münasibətilə təbrik edib.
İlham Əliyev bildirib ki, Bakıda keçirilən “ADEX” sərgisi regionun ən mühüm müdafiə sənayesi tədbirlərindən birinə çevrilib. Sərgidə çoxsaylı ölkələrin və aparıcı şirkətlərin iştirakı onun beynəlxalq nüfuzunun göstəricisidir.
Müraciətdə qeyd olunub ki, tədbir müasir silah sistemləri, hərbi texnika, yeni texnologiyalar və innovativ həllərin nümayiş etdirilməsi ilə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün də imkan yaradır.
Prezident Azərbaycanın müdafiə sənayesinin son illərdə əhəmiyyətli inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkədə istehsal olunan müdafiə təyinatlı məhsullar həm Silahlı Qüvvələrin təchizatında istifadə olunur, həm də beynəlxalq bazarlarda maraq doğurur.
Dövlət başçısı “Securex Caspian” sərgisinin də təhlükəsizlik, mühafizə, xilasetmə və fövqəladə halların idarə olunması sahələrində qabaqcıl texnologiyaların təqdimatı baxımından əhəmiyyətli tədbir olduğunu vurğulayıb.
İlham Əliyev hər iki sərginin yeni işgüzar əlaqələrin qurulmasına və hərbi-texniki tərəfdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
