Prezidentin geri qaytardığı qanunlar
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi qanunu imzalamadan parlamentə geri qaytarıb.
Dövlət başçısının tapşırığı ilə geri qaytarılan sənəd “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunu əhatə edib.
Prezident tərəfindən qanunların Milli Məclisə geri qaytarılması halları ilə bağlı araşdırma göstərir ki, indiyədək bir neçə belə hal baş verib.
2015-ci ildə Prezident İlham Əliyev “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunu parlamentə geri göndərib.
Sənədin geri qaytarılmasının səbəbi kimi bəzi müddəaların Konstitusiya və normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması göstərilib.
Belə ki, qanunun bəzi maddələrinin Konstitusiyanın 93-cü maddəsinin IV hissəsi və 109-cu maddəsinin 7-ci bəndi ilə ziddiyyət təşkil etdiyi bildirilib. Qeyd olunub ki, bu müddəalar hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olaraq Prezidentin icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərini məhdudlaşdıra bilər.
Sənəddə həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə uyğun olaraq qanunda həddindən artıq detallı, ümumiləşdirilmiş və qeyri-müəyyən normalara yol verildiyi vurğulanıb.
2016-cı ildə dövlət başçısı “Valyuta tənzimi haqqında” Qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsini də yenidən baxılması üçün parlamentə qaytarıb.
Dəyişikliklərə əsasən, bəzi istisnalar olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin Azərbaycandan kənara xarici valyuta köçürməsi zamanı əməliyyat məbləğinin 20 faizi həcmində icbari yığım tətbiq edilməsi nəzərdə tutulurdu.
Sahibkarların müraciətləri nəzərə alınaraq məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunub. Prezidentin təklifləri qəbul edildikdən sonra layihəyə dəyişikliklər edilib və sənəd yenidən dövlət başçısının imzası ilə təsdiqlənib.
Prezident 2017-ci ildə isə Milli Məclisin “Dövlət qulluğu haqqında” qanuna etdiyi dəyişikliklərlə bağlı sənədi geri qaytarıb.
Səbəb kimi qanunun 8.1.1-ci maddəsinə Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi göstərilib. Bildirilib ki, dövlət orqanlarının təsnifatı ilə bağlı müddəalar Konstitusiyada müəyyən edilən hakimiyyət bölgüsü prinsiplərinə uyğun olmalıdır.
2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinə də yenidən baxılıb. Lakin bu dəfə sənəd Prezident tərəfindən deyil, Milli Məclisin müvafiq şöbəsinə geri göndərilib.
Qanun layihəsinin müzakirəsi zamanı bəzi məsələlərin sənəddə əks olunmadığı bildirilib və layihənin əlilliyi olan şəxslərin cəmiyyətləri ilə də müzakirə edilməsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, Konstitusiyaya əsasən, qanunlar qəbul edildikdən sonra 14 gün müddətində Prezidentə təqdim edilir. Dövlət başçısı qanunu ona təqdim olunduğu gündən etibarən 56 gün ərzində imzalayır. Prezidentin etirazları olduqda isə qanun imzalanmadan Milli Məclisə geri qaytarıla bilər.
