Baş prokurordan hərbi cinayət işləri ilə bağlı açıqlama
Kamran Əliyev istintaqçılara, prokurorlara və hakimlərə təşəkkür edib
Baş prokuror Kamran Əliyev hərbi cinayətlərə görə mühakimə olunan Ermənistan vətəndaşlarının işləri üzrə fəaliyyət göstərən prokurorlara və hakimlərə təşəkkür edib.
K.Əliyev bunu Prokurorluq işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Baş prokuror xüsusilə ağır cinayət işlərinin araşdırılmasında iştirak edən istintaqçılara, dövlət ittihamçılarına, hakimlərə və sübutların toplanmasında xidmətləri olan veteran prokurorlara minnətdarlığını bildirib.
O, həmin işlərin tarixi əhəmiyyət daşıdığını və hüquqi nəticə ilə yekunlaşmasının mühüm hadisə olduğunu qeyd edib.
Baş prokuror peşə bayramı münasibətilə prokurorluq əməkdaşlarını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
K.Əliyev prokurorluq orqanlarının Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun fəaliyyət göstərdiyini bildirib.
O, prokurorluq əməkdaşlarının peşə bayramının təsis edilməsinin dövlət tərəfindən bu sahəyə göstərilən diqqətin nümunəsi olduğunu vurğulayıb.
Baş prokuror Prezident İlham Əliyevin bugünkü Sərəncamı ilə 4 prokurorluq əməkdaşına ali xüsusi rütbələr verildiyini, bir neçə əməkdaşın isə dövlət təltiflərinə layiq görüldüyünü bildirib.
K.Əliyev prokurorluq orqanlarına göstərilən yüksək etimada görə Prezidentə təşəkkür edib.
