İlham Əliyev: Azərbaycanda qaz hasilatı 5 milyard kubmetr arta bilər
Prezident Abşeron yatağı ilə bağlı yeni müqavilədən danışıb
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron yatağının ikinci mərhələsinin işlənməsi ilə bağlı müqavilənin bu gün imzalanacağını bildirib.
Dövlət başçısı bu barədə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb.
Prezidentin sözlərinə görə, layihə üç-dörd ildən sonra Azərbaycanda qaz hasilatının əlavə 5 milyard kubmetr artmasına səbəb olacaq.
İlham Əliyev bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərə baxmayaraq, neft və qaz sektoru ölkə üçün mühüm əhəmiyyət daşımaqda davam edəcək.
“Bu gün iki mühüm müqavilə imzalanacaq. Onlardan biri “Exxon” şirkəti ilə Azərbaycanda böyük potensiala malik qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsi ilə bağlıdır. Kəşfiyyat işləri uğurlu olarsa, bu, Azərbaycanda yeni neft-qaz bumuna səbəb ola bilər”, – Prezident vurğulayıb.
Dövlət başçısı Avro-Atlantik məkanda qalıq yanacaqlara münasibətdə əsas tendensiyanın dəyişdiyini də qeyd edib.
Prezident həmçinin bildirib ki, neft-qaz sektoru uzunmüddətli perspektivdə Azərbaycanın ən cəlbedici investisiya istiqamətlərindən biri olaraq qalacaq.
İlham Əliyev Azərbaycanın enerji imkanlarının rəqəmsal inkişaf, məlumat mərkəzləri və süni intellekt sahələrinin inkişafına yönəldilə biləcəyini deyib.
“Buna görə də bu üstünlük rəqəmsal inkişaf, məlumat mərkəzləri və süni intellektin inkişafı üçün istifadə oluna bilər. Biz artıq dünyanın aparıcı şirkətləri ilə çox fəal danışıqlar mərhələsindəyik”, – Prezident bildirib.
Dövlət başçısı bərpaolunan enerji sahəsində istehsalla yanaşı, elektrik enerjisinin ötürülməsi və saxlanmasının da vacib olduğunu vurğulayıb.
O qeyd edib ki, hazırda Azərbaycanda 250 meqavat gücündə enerji saxlama sistemləri mövcuddur.
Prezident Azərbaycanın elektrik enerjisinin, xüsusilə Avropa bazarına ixracının enerji təhlükəsizliyini və regional bağlantıları gücləndirəcəyini bildirib.
