Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik edib.
Təbrik məktubunda Prezident İlham Əliyev öz adından və Azərbaycan xalqı adından Sərdar Berdiməhəmmədova və Türkmənistan xalqına ən səmimi təbriklərini və xoş arzularını çatdırıb.
Dövlət başçısı qeyd edib ki, ötən dövr ərzində Türkmənistan böyük inkişaf yolu keçib, müstəqilliyinin möhkəmləndirilməsi və sosial-iqtisadi tərəqqi istiqamətində mühüm uğurlar əldə edib, beynəlxalq aləmdə nüfuzunu artırıb.
İlham Əliyev Azərbaycanın Türkmənistanın nailiyyətlərinə sevindiyini və ölkənin daimi bitərəflik siyasətini dəstəklədiyini bildirib.
Məktubda Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, xalqlarımızı birləşdirən tarixi köklər və ortaq milli-mənəvi dəyərlər iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Prezident İlham Əliyev ticari-iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb.
Dövlət başçısı Sərdar Berdiməhəmmədovun iyun ayında Azərbaycana dövlət səfərinin əhəmiyyətini qeyd edib, səfər çərçivəsində aparılan danışıqların, imzalanmış sənədlərin və əldə olunan razılaşmaların iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
İlham Əliyev Azərbaycan-Türkmənistan dostluğu və əməkdaşlığının bundan sonra da dinamik inkişaf edəcəyinə, strateji tərəfdaşlığın xalqların mənafelərinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Prezident Türkmənistan Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, qardaş Türkmənistan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.
