Müdafiə Nazirliyinin rəhbərliyi “Birliyin Gücü - 2026” təlimini izləyib
Müdafiə Nazirliyinin rəhbərliyi üç ölkənin hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilən “Birliyin Gücü - 2026” birgə hərbi təlimində məşqlərin gedişatını izləyib.
Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə rəhbər heyət təlim üçün yaradılmış vahid qərargahda birgə əməliyyatların planlaşdırılması və icrası ilə bağlı komandir heyətinin məruzələrini dinləyib.
Daha sonra təlim ərazisində fəaliyyət göstərən səhra hospitalına baxış keçirilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənova məruzə olunub ki, NATO-nun 2-ci səviyyəli tibbi yardım standartlarına uyğun müasir avadanlıqlarla təchiz edilən mobil səhra hospitalı xəstə və yaralıların qəbuluna tam hazır vəziyyətdədir.
Nazirliyin rəhbər heyəti, həmçinin təlim iştirakçıları üçün yaradılan sosial-məişət şəraiti və təminat məsələləri ilə maraqlanıb, yataqxana və yeməkxanaya baxış keçirib.
Bildirilib ki, təlimin yüksək səviyyədə təşkili, eləcə də hərbi qulluqçuların asudə vaxtının səmərəli keçirilməsi üçün təlim rayonlarında zəruri şərait yaradılıb.
Sonda müdafiə naziri birgə əməliyyatların keçiriləcəyi ərazi ilə tanış olub, hazırlıq məşqlərini izləyib və təlim rəhbərlərinə müvafiq tapşırıqlar verib.
