Əli Əsədov Koxir Rasulzoda ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 25-də ölkəmizdə rəsmi səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb.
Görüşdə iki ölkə arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişaf etdiyi qeyd olunub.
2024-cü ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamənin Azərbaycan-Tacikistan əlaqələrinin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirilib.
Tərəflər siyasi əlaqələrlə yanaşı, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını da müzakirə ediblər. Qarşılıqlı ticarətdə müsbət dinamikanın müşahidə olunduğu vurğulanıb.
Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Orta Dəhlizin əhəmiyyətinin artdığı, Zəngəzur dəhlizinin isə regionun nəqliyyat imkanlarını genişləndirə biləcəyi qeyd edilib.
Görüşdə energetika, bərpa olunan enerji, dövlət xidmətləri, təhsil və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bildirilib ki, iki ölkə arasında strateji tərəfdaşlığın bütün istiqamətlər üzrə daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.
