Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində nəqliyyat infrastrukturu tamamlanmaq üzrədir.
Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.
“Orta Dəhliz: Ticarət, sənaye və bağlantılılıq potensialının reallaşdırılması” mövzusunda paneldə çıxış edən nazir müavini bildirib ki, dəhlizin inkişafı istiqamətində mühüm addımlar atılıb.
O qeyd edib ki, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsində işlər başladıqdan sonra Asiyadan Avropaya yüklərin 12-15 günə daşınması mümkün olacaq.
E.Məmmədov Zəngəzur dəhlizinin açılmasının iqtisadiyyatların inkişafı üçün mühüm olduğunu vurğulayıb.
Nazir müavini Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıqdan da danışıb. Onun sözlərinə görə, iki ölkə arasında keçirilən iqtisadi dialoq çərçivəsində bir sıra mühüm razılaşmalar əldə edilib.
“Bu ilin iyununda ilk Azərbaycan-ABŞ iqtisadi dialoqunu keçirdik. Bu dialoq praktiki əməkdaşlığa başlanğıc verdi”, - deyə o bildirib.
E.Məmmədov əlavə edib ki, kritik minerallar, rəqəmsal infrastruktur və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı sənədlər hazırlanıb.
O, “Exxon” şirkəti ilə qeyri-ənənəvi quruda yerləşən neft ehtiyatlarının inteqrasiyası, işlənməsi və hasilatı ilə bağlı Anlaşma Memorandumunun imzalandığını da açıqlayıb.
Nazir müavini bildirib ki, kritik mineralların hasilatı, emalı və tədarükünün təmin edilməsi üzrə çərçivə sazişinin hazırlanması istiqamətində də iş aparılır.
