Dövlət məktəbləri adambaşına maliyyələşdiriləcək
Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2026-2027-ci tədris ilindən etibarən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək.
Yeni mexanizm çərçivəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin məbləğinə ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq olunacaq.
Nazirlər Kabinetinə adambaşına maliyyələşdirmə prinsipi ilə maliyyələşdirilən dövlət ümumi təhsil müəssisələrində təhsilalan başına illik təhsil xərclərinin məbləğini və maliyyələşdirmə qaydalarını bir ay müddətində təsdiqləmək tapşırılıb.
Elm və Təhsil Nazirliyi hər il bu mexanizmin tətbiq olunacağı dövlət ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanların sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.
Maliyyə Nazirliyi isə Fərmanın icrası ilə bağlı tədbirlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin edəcək.
