Azərbaycanın strateji ehtiyatları 91 milyard dollardır
Azərbaycanın strateji valyuta ehtiyatları təxminən 91 milyard dollara çatıb.
Oxu.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində “2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları”nın müzakirəsi zamanı bildirib.
Əli Əsədovun sözlərinə görə, bu göstərici xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir.
“Birbaşa xarici dövlət borcumuzun səviyyəsi 1 sentyabr tarixinə 4,5 milyard dollar olmaqla proqnoz ÜDM-in 5,6 faizini təşkil edir. 2026-cı ilin 8 ayında xarici ticarət balansının müsbət saldosu 10 milyard dollardan çox olub”, - deyə Baş nazir bildirib.
O qeyd edib ki, 2026-cı ilin 8 ayında illik inflyasiya 5,7 faiz olub.
Əli Əsədov əlavə edib ki, növbəti ildə orta illik inflyasiyanın 5,3 faizə düşəcəyi və hədəf diapazonunda olacağı proqnozlaşdırılır.