Prezident xarici şirkət rəhbərləri ilə görüşüb
Prezident İlham Əliyev sentyabrın 24-də Çinin “01.AI” və “Sinovation Ventures” şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini və İtaliyanın “TEHA Group” şirkətinin beynəlxalq sammitlər üzrə koordinatoru, Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbəri Filippo Malinvernonu qəbul edib.
Qonaqlar görüşə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Onlar Bakıda dövlət başçısının himayəsi ilə keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklərini bildiriblər.
Görüşdə Azərbaycan-Çin və Azərbaycan-İtaliya münasibətlərinin inkişafından danışılıb. Prezident İlham Əliyev hər iki ölkədən olan investorların Azərbaycanda fəaliyyət göstərdiyini və sərmayə yatırdıqlarını qeyd edib.
Həmçinin ölkədə süni intellektin inkişafı, əlverişli biznes mühiti və xarici investorlar üçün yaradılmış şərait barədə fikir mübadiləsi aparılıb.
Tərəflər yaşıl enerji, kibertəhlükəsizlik, təhsil və digər istiqamətlərdə süni intellektin tətbiqi, eləcə də əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

