Azərbaycan və Dominikan Respublikası arasında iki sənəd imzalanıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dominikan Respublikasının xarici işlər naziri İto Bisono ilə görüş keçirib.
Bu barədə XİN-in “X” sosial şəbəkə hesabında məlumat verilib.
Görüşdə Azərbaycan-Dominikan Respublikası münasibətlərinin inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazirlər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi dialoqun institusionallaşdırılmasının vacibliyini qeyd ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi perspektivləri də diqqət mərkəzində olub.
Görüş çərçivəsində Azərbaycan Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı şəkildə aradan qaldırılması haqqında Saziş imzalanıb.
Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Dominikan Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Bildirilib ki, yeni sənədlər iki ölkə arasında institusional əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
