İlham Əliyev Estoniyanın səfirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirkı qəbul edib.
Tiina Nirk etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Görüşdə Azərbaycan və Estoniya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Prezident İlham Əliyev müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini bildirib və bu il Aİ Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərlərini qeyd edib.
İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Tiina Nirk Estoniyanın Azərbaycana ilk səfiri olmaqdan şərəf duyduğunu bildirib. O, Azərbaycanla Estoniya, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına töhfə vermək üçün çalışacağını deyib.
Səfir Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, siyasi dialoq, biznes, İT, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.
Tiina Nirk təhsil sahəsində əməkdaşlığın perspektivlərindən də danışıb. O, hazırda 200-ə yaxın azərbaycanlı tələbənin Estoniyada təhsil aldığını bildirib.
Səfir Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirib.
Görüşdə Estoniyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyi bildirilib. Həmçinin iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

