Polkovnikin pensiyası məhkəmə ilə bərpa edildi
DGK-nin İnsan Resursları İdarəsinin sabiq rəisi, polkovnik Fərhad Babayev pensiyasının dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.
Bakı İnzibati Məhkəməsində baxılan iş üzrə iddia təmin edilib.
Fərhad Babayev 2022-ci ildə vəzifəsindən azad edildikdən sonra vergi və gömrük orqanlarında xidmət etdiyi müddət əsasında xüsusi rütbəli şəxs kimi aylıq 5 840 manat güzəştli pensiya alıb.
Bir il sonra DSMF tərəfindən aparılan araşdırma zamanı onun xidmət stajının yalnız 6 il 6 ay 2 gününün hərbi qulluqçu statusuna aid olduğu müəyyən edilib. Qalan müddət dövlət qulluğu stajı kimi qiymətləndirilib.
Bundan sonra xüsusi şərtlərlə təyin edilmiş pensiya ləğv olunub və əvvəl ödənilmiş 98 min manatın geri qaytarılması tələb edilib.
F.Babayev qərardan məhkəməyə şikayət edərək əvvəlki pensiya hesablanması qaydasının bərpa olunmasını və ödənilməmiş məbləğin verilməsini tələb edib.
Məhkəmə iddiaçının təqdim etdiyi sübutları araşdıraraq pensiyanın dayandırılmasını qanunsuz hesab edib. Qərara əsasən, əvvəlki pensiya hesablanması qaydası bərpa edilməli və ödənilməmiş məbləğ ödənilməlidir.
