XİN: Dövlət suverenliyi əbədidir və toxunulmazdır
Nazirlik 20 sentyabrın tarixi əhəmiyyətini qeyd edib
Azərbaycan Xarici İşlər Nazirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yayıb.
Bəyanatda 20 sentyabrın Azərbaycanın dövlət suverenliyinin bərpa olunduğu tarixi gün kimi xalqın dövlətçilik salnaməsində xüsusi yer tutduğu bildirilib.
Qeyd olunub ki, 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin edilib.
XİN bəyan edib ki, həmin tədbirlər zamanı mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət göstərilib və yalnız qanunsuz silahlı birləşmələrin hərbi obyekt və infrastrukturları hədəfə alınıb.
Nazirlik vurğulayıb ki, Azərbaycanın dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq formalaşdırıb və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün imkanlar yaradıb.
Bəyanatda 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşün sülh prosesində mühüm mərhələ olduğu qeyd edilib.
XİN regionda iqtisadi və ticarət əlaqələrinin bərpasının, nəqliyyat-logistika imkanlarının genişləndirilməsinin və əməkdaşlığın inkişafının bütün tərəflər üçün yeni imkanlar yaradacağını bildirib.
Bəyanatda azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin geri qayıdışı, mina təhlükəsinin aradan qaldırılması və itkin şəxslərin taleyinin müəyyənləşdirilməsinin Azərbaycanın diqqətində olduğu vurğulanıb.
“Azərbaycan Respublikasının dövlət suverenliyi əbədidir, bölünməzdir və toxunulmazdır. Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!”, - deyə bəyanatda qeyd olunub.
