Prezident: Ümumi etnik köklər TDT-nin xüsusi əhəmiyyətini müəyyənləşdirir
“Türk Dövlətləri Təşkilatının daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil”.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, təşkilata üzv dövlətləri birləşdirən amillər sırasında mənəvi birlik, mədəniyyət və dil yaxınlığı, həmçinin ümumi etnik köklər xüsusi yer tutur.
“Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir”, - deyə Prezident qeyd edib.
İlham Əliyevin sözlərinə görə, iqtisadi və siyasi maraqlarla yanaşı, xalqlar arasında münasibətlər də ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.
Prezident TDT-nin inkişafında regionda və üzv ölkələrdə sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının əhəmiyyətini də vurğulayıb.
“Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil”, - deyə dövlət başçısı bildirib.
İlham Əliyev qeyd edib ki, siyasi və iqtisadi sabitliyin olmadığı ölkələrə investisiya, texnologiya və innovasiyaların cəlb edilməsi çətinləşir. Prezident bu baxımdan sabitlik və təhlükəsizliyi TDT-yə üzv ölkələri yerləşdikləri regionlardakı digər dövlətlərdən fərqləndirən mühüm amillərdən biri kimi qiymətləndirib.
