Prezident: “Ətrafımızda müharibələr gedir, onların coğrafiyası genişlənir”
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə regional təhlükəsizlik məsələlərindən danışıb.
Dövlət başçısı bildirib ki, dünyada davam edən müharibələrin başa çatması ilə bağlı aydın perspektiv görünmür.
“Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir”, - İlham Əliyev deyib.
Prezidentin sözlərinə görə, döyüşən tərəflər arasında düşmənçilik açıq xarakter alır və bu vəziyyət regionlarda münaqişələrin genişlənməsi riskini artırır.
İlham Əliyev qeyd edib ki, Azərbaycanın həm şimalında, həm də cənubunda müharibə aparan qonşu ölkələr yerləşir.
“Bu kontekstdə regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır”, - Prezident əlavə edib.
