Azərbaycan və Qırğızıstan arasında nəqliyyat əlaqələri genişlənir
Azərbaycan və Qırğızıstan arasında avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni hüquqi baza yaradılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiqinə dair qanun layihəsi müzakirə olunub.
Sənədə əsasən, iki ölkənin qeydiyyatında olan nəqliyyat vasitələri ilə beynəlxalq marşrutlar üzrə sərnişin və yük daşımalarının həyata keçirilməsi mümkün olacaq.
Sazişdə avtobus marşrutlarının təşkili, daşımaların qaydaları və icazə mexanizmləri müəyyənləşdirilir. Müntəzəm sərnişin daşımaları qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək, qeyri-müntəzəm daşımalar üçün isə müvafiq icazələr tələb olunacaq.
Bundan başqa, tranzit və üçüncü ölkələrə yük daşımalarının da razılaşmada nəzərdə tutulan qaydalar əsasında həyata keçirilməsi planlaşdırılır.
Sənədə görə, poçt göndərişləri, meyit və küllərin daşınması, teatr dekorasiyaları kimi bəzi xüsusi yüklər üçün icazə tələb edilməyəcək.
