Hikmət Hacıyev: Sülhə nail olmaq asan məsələ deyil
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakı ilə İrəvan arasında sülh prosesinin qarşısında duran çətinliklərdən danışıb.
“Report” xəbər verir ki, H.Hacıyev bu fikirləri Dubayda keçirilən Ərəb Media Forumunda səsləndirib. Onun çıxışı “Euronews” telekanalının forumun yekunlarına dair hazırladığı materialda əksini tapıb.
H.Hacıyev Ermənistanla sülhə nail olmağın “çətin mübarizə” olduğunu bildirib.
O, eyni zamanda Azərbaycanın dini və mədəni irsin qorunmasına münasibətindən danışaraq ölkədə islam, xristianlıq və iudaizmin birgə mövcudluğunu qeyd edib.
“Azərbaycan öz suveren ərazisində xristian irsinin qorunmasına sadiqdir, çünki bu, bizim mədəni irsimizdir”, - H.Hacıyev deyib.
Telekanal H.Hacıyevin Qarabağ və Şərqi Zəngəzurun işğalı dövründə məscidlərin və islam mədəni irsinin dağıdılması ilə bağlı fikirlərinə də yer verib.
Prezidentin köməkçisi sülh prosesinə paralel olaraq Azərbaycanın dezinformasiya kampaniyaları ilə üzləşdiyini bildirib.
H.Hacıyev Avropa Parlamentinin bəzi qərarlarının regionda sülh gündəliyinə mənfi təsir göstərdiyini deyib.
“Avropa Parlamenti həllin bir hissəsi deyil, problemin bir hissəsidir”, - deyə o bildirib.
H.Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin bütün region ölkələrini əhatə etməsinin və balanslaşdırılmış əməkdaşlığa əsaslanmasının vacibliyini vurğulayıb.
