İlham Əliyev: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallıq yaradıb
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Zəfərinin regionda yeni geosiyasi reallığın əsasını qoyduğunu bildirib.
Dövlət başçısı bu fikirləri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə səsləndirib.
Prezidentin sözlərinə görə, Azərbaycanın qazandığı Zəfər həmçinin region ölkələri arasında iqtisadi, logistik və strateji əlaqələrin inkişafı baxımından mühüm imkanlar yaradıb.
“Bu Zəfər, eyni zamanda, ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə bağlayan tarixi bir qapının – Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı”, - deyə İlham Əliyev qeyd edib.
Prezident işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinə də toxunaraq, bu istiqamətdə dəstək göstərən ölkələrə təşəkkür edib.
O bildirib ki, göstərilən dəstək Azərbaycan xalqı tərəfindən rəğbət və minnətdarlıqla qarşılanır.
