Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağın tarixi irsi barədə danışıb
Azərbaycanın Prezidentinin köməkçisi Hikmət Hacıyev Qarabağ və ölkənin digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izlərinin mövcud olduğunu bildirib.
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirakı ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, forum çərçivəsində Qafqaz Albaniyasının qədim dövləti və onun zəngin xristian irsi haqqında çıxış edib.
“Bu irsin davamlı və xüsusilə əhəmiyyətli izlərini Qarabağda və Azərbaycanın digər bölgələrində görmək mümkündür”, – deyə o bildirib.
Prezidentin köməkçisi Azərbaycanın tarixən multikulturalizm və dini dözümlülük ənənələrinə malik olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkə müxtəlif mənşə və dini mənsubiyyətlərə aid mədəni irsin qorunmasına, mühafizəsinə və bərpasına xüsusi önəm verir.
Hikmət Hacıyev işğal illərində Azərbaycanın dini və mədəni abidələrinə qarşı törədilən dağıntılar barədə də danışdığını qeyd edib.
O, tarixi həqiqətlərin qorunmasının və mədəni irsin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
