Qaradağda 100 MVt-lıq “Qobustan” Günəş Elektrik Stansiyası istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda inşa edilən “Qobustan” Günəş Elektrik Stansiyasının açılış mərasimində iştirak edib.
100 MVt gücündə olan stansiya layihəsinin Azərbaycanda hərrac vasitəsilə reallaşdırılan ilk bərpaolunan enerji layihəsi olduğu bildirilib.
Açılış zamanı dövlət başçısına stansiyanın fəaliyyəti və layihəni həyata keçirən “Universal Energy” şirkətinin Azərbaycandakı fəaliyyəti barədə məlumat təqdim olunub.
Məlumata görə, şirkət Şanxayda yaradılıb və yaşıl enerji, eləcə də enerji saxlanc sistemləri sahəsində fəaliyyət göstərir. “Universal Energy” Çinlə yanaşı, Qazaxıstan və Özbəkistanda bərpaolunan enerji layihələri həyata keçirir.
Layihə üçün Qaradağ rayonunun Pirsaat qəsəbəsində 300,77 hektar ərazi ayrılıb. Sözügedən torpaq sahəsi 2024-cü ildə keçirilmiş hərrac nəticəsində “Universal International Holdings Limited” şirkətinə təqdim edilib.
Stansiyada günəş panelləri, sahə invertorları və transformatorlar quraşdırılıb. Layihə üzrə kabelləşdirmə işləri də başa çatdırılıb.
“Qobustan” GES-in ildə təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi proqnozlaşdırılır. Bu göstəricinin hər il 45 milyon kubmetr təbii qaza qənaətə və karbon emissiyalarının 97 min ton azalmasına imkan verəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerji sahəsində texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt qiymətləndirilir. İqtisadi potensial 27 QVt təşkil edir.
2027-ci ilin sonunadək ölkədə təxminən 1,5 QVt gücündə yeni bərpaolunan enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur.
