İlham Əliyev: Audit institutunun rolu daha da artıb
Azərbaycan Prezidenti İlham Əliyev Auditorlar Palatasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət edib.
Dövlət başçısı müraciətində Azərbaycanda müasir audit institutunun formalaşmasının ölkənin iqtisadi inkişafı və institusional islahatları baxımından əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, “Auditor xidməti haqqında” qanunun qəbulundan sonra yaradılan Auditorlar Palatası müstəqil audit sisteminin möhkəmləndirilməsi, peşəkar kadrların hazırlanması və beynəlxalq standartlara uyğun audit modelinin formalaşdırılması istiqamətində fəaliyyət göstərib.
Prezident qeyd edib ki, ötən dövr ərzində auditor xidmətlərinin əhatə dairəsi genişlənib, maliyyə hesabatlarının etibarlılığının təmin olunmasında, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və kölgə iqtisadiyyatının azaldılmasında audit institutunun rolu artıb.
Müraciətdə beynəlxalq konfransın auditor peşəsinin inkişaf yolunun elmi və praktiki baxımdan müzakirəsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, keyfiyyətə nəzarət mexanizmlərinin inkişaf etdirilməsi və beynəlxalq audit standartlarının tətbiqi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
İlham Əliyev müasir dövrdə audit fəaliyyətinin rəqəmsal transformasiyasının vacibliyini də qeyd edib. Bildirilib ki, böyük verilənlərin analitikası və süni intellekt texnologiyalarının audit prosesinə inteqrasiyası, eləcə də innovativ audit metodologiyalarının inkişaf etdirilməsi qarşıda duran mühüm məsələlərdəndir.
Prezident auditor peşəsinin nüfuzunun və ictimai etimadın qorunması, yüksək peşəkarlıq və etik davranış prinsiplərinin möhkəmləndirilməsi, həmçinin peşəkar kadr potensialının gücləndirilməsinin prioritet istiqamətlərdən olduğunu vurğulayıb.
Dövlət başçısı konfransın nəticələrinin Azərbaycanda auditor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, rəqəmsal transformasiya və süni intellektin tətbiqinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
İlham Əliyev Auditorlar Palatasının kollektivini və konfrans iştirakçılarını yubiley münasibətilə təbrik edib.
