Prezident: “İşğala görə Ermənistana sanksiya tətbiq etmədilər, bu, ikili standartların göstəricisidir”
Prezident İlham Əliyev beynəlxalq təşkilatların Qarabağ məsələsində mövqeyini tənqid edib.
Dövlət başçısı Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşü zamanı bildirib ki, Ermənistanın Azərbaycanın ərazilərini işğal etdiyi dövrdə beynəlxalq ictimaiyyət lazımi addımlar atmayıb.
Prezident qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri icrasız qalıb.
“Ermənistan başqa dövlətin 20 faiz torpağını zəbt edib, yüz minlərlə insanı doğma yurdlarından didərgin salıb, şəhərləri dağıdıb. Amma buna görə heç bir sanksiya tətbiq edilmədi. Bu, ikili standartlardır”, - İlham Əliyev bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ədalətsizliklə 30 il mübarizə aparıb və beynəlxalq təşkilatlardan yalnız siyasi qiymət verilməsini tələb edib.
“Biz tələb etmirdik ki, kiməsə qarşı vuruşsunlar. Tələb edirdik ki, işğalçını işğalçı adı ilə çağırsınlar və siyasi qərar qəbul etsinlər. Bunu etmək istəmədilər”, - Prezident deyib.
İlham Əliyev bildirib ki, Azərbaycanın Qarabağda separatçılığı aradan qaldırmasından sonra bəzi beynəlxalq qurumların ölkəyə qarşı addımlar atması onların mövqeyini göstərir.
Prezident çıxışında Avropa Parlamenti ilə bağlı da sərt fikirlər səsləndirib və qurumu tənqid edib.
“Bax, onların əsl siması budur”, - deyən dövlət başçısı beynəlxalq münasibətlərdə ikili yanaşmaların olduğunu qeyd edib.
İlham Əliyev əlavə edib ki, dövlətlərin birlik və həmrəyliyi qarşılaşdıqları çətinlikləri dəf etməsində mühüm rol oynayır.
