Azərbaycan və Türkiyə arasında media və kommunikasiya əməkdaşlığı gücləndiriləcək
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədr müavini Prof. Dr. Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın təmasları çərçivəsində Azərbaycan Media və Yayım Şurasının sədri Əhməd İsmayılovla görüşüb.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında media və kommunikasiya əlaqələri, dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya və birgə layihələr müzakirə olunub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasındakı güclü münasibətlərin media və kommunikasiya sahəsindəki əməkdaşlığa da əks olunduğu vurğulanıb. Dəyişən informasiya mühitinin yaratdığı yeni çağırışlar fonunda iki ölkə arasında təcrübə mübadiləsinin və koordinasiyanın əhəmiyyəti diqqətə çatdırılıb.
Əhməd İsmayılov xüsusilə dezinformasiya ilə mübarizə sahəsində birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Ferhat Pirinççi isə rəqəmsal transformasiyanın media və kommunikasiya sahəsində yaratdığı yeni imkanlara toxunaraq, yeni media vasitələrindən səmərəli istifadə, müasir kommunikasiya yanaşmaları və iki ölkənin media nümayəndələri arasında peşəkar əlaqələrin inkişaf etdirilməsinin önəmini qeyd edib.
Görüşdə media və kommunikasiya sahəsində həyata keçirilə biləcək birgə layihələr və təşəbbüslər barədə də fikir mübadiləsi aparılıb.
Ferhat Pirinççi Əhməd İsmayılovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.


