Ermənistan tərəfi Qarabağdan köçürüldüyü iddia edilən şəxslərlə bağlı məlumat verə bilmir

Ermənistanın separatçı rejimin özünü “Artsakh ombudsmanı” adlandıran nümayəndəsi Geqam Stepanyan Qarabağ bölgəsindən guya Ermənistana köçürülən şəxslərin harada olduqları və kimlikləri barədə heç bir məlumata malik olmadıqlarını etiraf edib. O, bu barədə Armenian News–NEWS.am nəşrinə müsahibəsində bildirib.
Eyni zamanda, Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin mətbuat katibi Nver Kostanyan da sözügedən şəxslərin Ermənistan ərazisində tibbi müəssisələrdə yerləşdirilib-yerləşdirilmədiyi barədə hər hansı əlavə məlumat verməyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan Qarabağ bölgəsində qaldığı iddia edilən 10 nəfərin Ermənistana köçürüldüyünü açıqlamışdı. Lakin rəsmi qurumların və separatçı strukturların bu məsələ ilə bağlı ziddiyyətli və qeyri-müəyyən açıqlamaları İrəvanın beynəlxalq ictimaiyyət üçün manipulyativ informasiya fonu yaratmağa çalışdığını göstərir.