ABŞ Venesuela üzrə diplomatik əlaqələrin bərpası üçün yeni nümayəndə təyin etdi

ABŞ Venesuela məsələləri üzrə Kolumbiyadakı səfirliyində fəaliyyət göstərən bölməyə yeni müvəqqəti işlər vəkili təyin edib. Vaşinqtonun qərarına əsasən, bu vəzifəyə ABŞ-ın Nikaraqua və Hondurasdakı sabiq səfiri Laura Doqu gətirilib. Məlumat ABŞ-ın Kolumbiyadakı diplomatik nümayəndəliyinin rəsmi saytında yer alıb.
“Tiempo” qəzetinin yazdığına görə, Laura Doqunun əsas vəzifəsi Vaşinqtonla Karakas arasında diplomatik əlaqələrin bərpası istiqamətində iş aparmaq olacaq. ABŞ-ın Venesueladakı səfirliyinin məlumatına əsasən, diplomat bundan əvvəl Meksika, Salvador, Türkiyə və Misirdə çalışıb.
Qeyd edək ki, yanvarın 9-da ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Venesuelada keçirilmiş hərbi əməliyyatlardan sonra ilk dəfə bu ölkəyə səfər edərək, Karakasdakı ABŞ səfirliyinin fəaliyyətinin bərpası imkanlarını qiymətləndirib. ABŞ 2019-cu ildə Venesueladakı səfirliyinin işini dayandırmışdı.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelaya hava zərbələri endirib. Hücumlar Karakasda, həmçinin Fort-Tiuna hərbi bazasında və bir sıra strateji obyektlərdə qeydə alınıb. ABŞ Prezidenti Donald Tramp əməliyyatı “uğurlu” adlandıraraq, Venesuela Prezidenti Nikolas Maduronun və həyat yoldaşı Silia Floresin saxlanılaraq ABŞ-a aparıldığını bildirib. Maduraya qarşı narkoterrorizm və kokain qaçaqmalçılığı ittihamları irəli sürülüb.