İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim olunub
Prezident İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.
Görüşdə Azərbaycan ilə Müsəlman Ağsaqqalları Şurası arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib.
Tərəflər arasında əvvəlki görüşlər məmnunluqla xatırlanıb, İslam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycanın beynəlxalq səviyyədə mühüm rol oynadığı vurğulanıb.
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin VII Görüşünün və 2027-ci ildə Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyətinə diqqət çəkilib.
Həmçinin Azərbaycanda dini münasibətlərin yüksək səviyyədə tənzimləndiyi qeyd olunub.
Söhbət zamanı dövlət başçısının bu ilin əvvəlində “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyü diqqətə çatdırılıb. Müsəlman Ağsaqqalları Şurasının baş katibi mükafatın sertifikatını Prezident İlham Əliyevə təqdim edib.