Hakan Fidan Suriyada – YPG/SDQ və iqtisadi əməkdaşlıq müzakirə ediləcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya işgüzar səfər edib.
“TRT Haber” xəbər verir ki, səfər zamanı Fidanın Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşü planlaşdırılır. Onun Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüş keçirəcəyi də gözlənilir.
Danışıqların əsas mövzularından biri YPG/SDQ-nin özünü buraxması və inteqrasiya prosesinin gedişi olacaq. Tərəflərin bu istiqamətdə son vəziyyəti və əldə olunmuş irəliləyişləri ətraflı müzakirə edəcəyi gözlənilir.
Görüşlərdə həmçinin Suriyanın cənubunda baş verən proseslərə diqqət ayrılacaq. Türkiyə və Suriya arasında ticarət, energetika və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, regional əlaqələrin bərpası ilə bağlı layihələr də müzakirə olunacaq.
Ankara Suriyanın iqtisadi dirçəlişinə və ölkənin regional inteqrasiyasına dəstəyini davam etdirəcəyini açıqlayıb.
