Kəlbəcərdə arıçılıq yenidən inkişaf edir: Bal Festivalı keçirildi
Kəlbəcərdə qədim arıçılıq ənənələrinin yaşadılması və inkişaf etdirilməsi istiqamətində yeni mərhələ başlayıb.
Bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev sentyabrın 12-də Kəlbəcərdə təşkil olunan II Bal Festivalında deyib.
Bəşir Hacıyev bildirib ki, arıçılıq uzun illər Kəlbəcər sakinlərinin əsas təsərrüfat fəaliyyətlərindən biri olub. Hazırda isə bu ənənə yenidən inkişaf etdirilir, arıçıların fəaliyyətlərini genişləndirməsi və istehsal etdikləri məhsulları təqdim etməsi diqqət çəkir.
Xüsusi nümayəndə vurğulayıb ki, Kəlbəcərdə keçirilən tədbirlərin arxasında rayon sakinlərinin zəhməti, doğma yurda sevgisi və Vətənə bağlılığı dayanır.
“İnsanların üzündəki sevinc onu göstərir ki, bu tədbirlər torpaqla yenidən qovuşmanın və qurulan yeni həyatın ifadəsidir”, - deyə Bəşir Hacıyev qeyd edib.
O bildirib ki, Bal Festivalının gələcəkdə də ənənəvi şəkildə keçirilməsi, miqyasının genişləndirilməsi və Kəlbəcərin kənd təsərrüfatı, turizm və iqtisadi potensialının təbliğinə töhfə verməsi gözlənilir.
