İrlandiya Baş naziri: Avropa ABŞ-la ritorikanı yumşaltmalı və diqqəti Ukraynaya yönəltməlidir

Avropa ABŞ-la münasibətlərdə ritorikanı yumşaltmalı və əsas diqqətini Ukrayna məsələsinə yönəltməlidir, çünki bu, hazırda ən təcili problemdir. Bu barədə İrlandiyanın Baş naziri Mixol Martin Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı bildirib. Məlumatı The Irish Times yayıb.
Baş nazir qeyd edib ki, hazırkı mərhələdə bütün məsələlərin düzgün şəkildə tənzimlənməsi vacibdir. Onun sözlərinə görə, gərgin ritorikadan uzaqlaşmaq, emosiyaları azaltmaq və diqqəti Ukraynaya cəmləmək lazımdır.
Mixol Martin eyni zamanda vurğulayıb ki, Avropa bütün sahələrdə öz müstəqilliyini və dayanıqlığını gücləndirməlidir. Bununla yanaşı, o, Avropa ilə ABŞ arasında möhkəm münasibətlərin saxlanılmasının da vacibliyini qeyd edib və bunun həm Ukraynanın maraqları, həm də davamlı və ədalətli sülh baxımından əhəmiyyət daşıdığını bildirib.
Yanvarın 21-də NATO-nun baş katibi Mark Rütte də Davos Forumunda çıxışı zamanı Ukraynanın digər beynəlxalq böhranlara baxmayaraq Avropa üçün əsas prioritet olaraq qalmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məsələ həm Avropa, həm də ABŞ üçün təhlükəsizlik məsələsidir.
Xatırladaq ki, daha əvvəl Financial Times Ukrayna mövzusunun ABŞ-ın Qrenlandiya ilə bağlı iddiaları fonunda ikinci plana keçdiyini yazmışdı. Ukrayna Prezidenti Volodimir Zelenski isə diqqətin Ukraynadan Qrenlandiyaya yönəlməsindən narahatlığını ifadə etmişdi.