Xarici diplomatlar Ağdərədə Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər
Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.
Diplomatlar səfərin ikinci günündə Ağdərə və Kəlbəcərdə bir sıra məkanlarla tanış olacaqlar.
Səfər çərçivəsində nümayəndə heyəti Ağdərə rayonunda yerləşən Gəncəsər Monastır Kompleksində olub.
Tarixi mənbələrdə Qafqaz Albaniyasının mühüm dini və mədəni mərkəzlərindən biri kimi qeyd olunan Gəncəsər Monastırının əsas tikililərinin XIII əsrə aid olduğu bildirilir. Kompleks elmi ədəbiyyatda Xəznədağ məbədi kimi də tanınır.
Məlumata görə, işğal illərində kompleksin memarlıq quruluşuna müdaxilələr edilib və abidənin tarixi görkəmi dəyişdirilib. 2012-ci ildə monastırın divarlarının mərmər daşlarla örtülməsi istiqamətində işlərə başlanılıb.
Həmçinin kompleksin həyətində aparılan tikinti və abadlıq işlərinin abidənin ilkin görünüşünə mənfi təsir göstərdiyi qeyd olunur.
Xatırladaq ki, diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri sentyabrın 11-də başlayıb. Səfərin ilk günündə diplomatlar Xankəndi və Şuşada olublar.
