Fuad Muradov üç ölkənin nümayəndələri ilə görüşdü: birgə layihələr müzakirə edildi
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində Pakistan, Nigeriya və Türkiyənin diaspor və beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən qurumlarının rəhbərləri ilə görüşüb.
O, Pakistanın xaricdə yaşayan pakistanlılar və insan resurslarının inkişafı naziri Çaudri Salik Hüseyn, Nigeriya Diaspor Komissiyasının sədri Abike Dabiri-Erewa və TİKA sədri Abdullah Erenlə fikir mübadiləsi aparıb.
Görüşlərdə xaricdə yaşayan soydaşlarla əlaqələrin möhkəmləndirilməsi, diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları, beynəlxalq platformalarda ortaq təşəbbüslərin təşviqi və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin üçüncü ölkələrdə təbliği məsələləri diqqətə çatdırılıb.
Komitə sədri bildirib ki, Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi və xaricdə yaşayan azərbaycanlıların potensialının səmərəli şəkildə səfərbər olunması əsas prioritetlərdəndir.
Tərəflər əməkdaşlığın daha da genişləndirilməsi, yeni layihələrin hazırlanması və mövcud əlaqələrin inkişaf etdirilməsi ilə bağlı razılığa gəliblər.
Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası sədrinin müşaviri Pərviz Məmmədzadə, Pakistanın Türkiyədəki Səfirliyinin üçüncü katibi Mürva Suleyman və digər rəsmi şəxslər iştirak ediblər.


