Maqdalena Qrono: Aİ Azərbaycan və region ölkələri ilə praktiki əməkdaşlığa hazırdır
Avropa İttifaqı (Aİ) Qarabağda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycan və region ölkələri ilə praktiki əməkdaşlıq aparmağa hazırdır.
Bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Xankəndiyə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
M.Qrono qeyd edib ki, regionda sülh prosesinə yerli tərəflər rəhbərlik edir və Aİ bu prosesi dəstəkləyir.
“Biz hər iki hökumət və hər iki ölkə ilə çox praktiki fəaliyyətlərin həyata keçirilməsində tərəfdaş olmağa hazırıq”, - deyə o vurğulayıb.
Xüsusi nümayəndə Aİ-nin regionda, o cümlədən minatəmizləmə sahəsində mühüm tərəfdaş kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, minatəmizləmə üzrə görülən işlər əhalinin təhlükəsiz şəkildə öz yaşayış məntəqələrinə qayıtması üçün zəruri şəraitin formalaşdırılmasına mühüm töhfə verir.
