TDT ölkələrinin daxili işlər nazirlərinin Astana görüşü başa çatıb
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin üçüncü iclasında iştirak edib.
Toplantıda TDT ölkələrinin daxili işlər orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məsələləri nəzərdən keçirilib.
Müzakirələr zamanı ekstremizm, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və İKT-dən istifadə etməklə törədilən cinayətlərə qarşı birgə mübarizə, həmçinin cinayət təqibindən yayınan şəxslərin axtarışı və itkin düşmüş şəxslərin müəyyənləşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
İclas çərçivəsində TDT-yə üzv və müşahidəçi dövlətlər arasında Cinayətkarlıqla Mübarizə Şurasının yaradılmasına dair Saziş layihəsi müzakirə edilib.
Toplantının sonunda üçüncü görüşün Bəyannaməsi imzalanıb və TDT ölkələrinin daxili işlər nazirlərinin növbəti görüşünün 2027-ci ildə Türkiyədə keçirilməsi barədə razılıq əldə olunub.
Bundan əlavə, Azərbaycan və Qırğızıstanın daxili işlər nazirləri “Cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalayıblar.

