Paşinyan Zayed İnsan Qardaşlığı Mükafatının təqdimat mərasimində iştirak edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il Zayed İnsan Qardaşlığı Mükafatının təqdimat mərasimində iştirak edəcəyini açıqlayıb. O, bu barədə çərşənbə günü Ermənistan Milli Assambleyasında hökumətlə sual-cavab zamanı bildirib.
Mükafatın Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə əlaqəsinə dair sualı cavablandıran Paşinyan qeyd edib ki, Ermənistan vətəndaşı olmayan şəxslər ölkənin daxili siyasi proseslərində iştirak edə bilməzlər və bu məsələ siyasi deyil, beynəlxalq münasibətlər kontekstində dəyərləndirilməlidir.
Paşinyanın sözlərinə görə, mükafat aldığını ona zəng edərək bildiriblər və o, bu xəbəri minnətdarlıqla qəbul edib. 2019-cu ildə təsis olunan mükafat barədə əvvəllər mediadan məlumatı olub. “Bu, nüfuzlu mükafatdır. Bu il üç laureat var: mən, Azərbaycan Prezidenti və Əfqanıstandan qadın hüquqları müdafiəçisi”, – deyə Paşinyan bildirib və mərasimdə iştirak etməyi özünə böyük şərəf saydığını vurğulayıb.
Ermənistanın baş naziri hesab edir ki, bu mükafat komanda işinin və ilk növbədə Ermənistan vətəndaşlarının dəstəyi, etimadı və razılığının nəticəsidir.