Hikmət Hacıyev Qarabağdakı dəyişikliklərdən yazdı: “Torpaqlar əsl dirçəliş dövrünü yaşayır”
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələrinə diqqət çəkib.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bu barədə diplomatik korpusun nümayəndələri ilə Qarabağa səfəri ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
Hikmət Hacıyev qeyd edib ki, son altı il ərzində Qarabağ və Şərqi Zəngəzurda mühüm dəyişikliklər baş verib.
“Biz son altı il ərzində Qarabağ və Şərqi Zəngəzurun gözlərimiz önündə möhtəşəm və nümunəvi transformasiyasının şahidi olmuşuq. Bu gün həmin torpaqlar əsl dirçəliş dövrünü yaşayır”, – deyə o bildirib.
Onun sözlərinə görə, diplomatik korpusun nümayəndələri ilə Qarabağa bu səfər sayca 22-cidir. Hacıyev bildirib ki, hər səfər zamanı bölgədə bərpa və quruculuq istiqamətində əldə olunan yeni nəticələr və həyatın bu ərazilərə qayıdışı müşahidə olunur.
