Qarabağ və Şərqi Zəngəzurda dağıdılan abidələrin sayı açıqlanıb
İşğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscid tamamilə dağıdılıb.
Məlumata əsasən, 25 məscid, 14 türbə və 2 sərdabə isə müxtəlif dərəcəli zərər görüb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bu barədə “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) çərçivəsində təşkil olunan “Türk sivilizasiyasında mədəni irs və biomüxtəlifliyin qorunması: ortaq ənənələrdən birgə fəaliyyətə” tədbirində danışıb.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb.
S.Hacıyeva vurğulayıb ki, bu statistika yalnız dövlət qeydiyyatında olan abidələri əhatə edir. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda mövcud olan tarixi-mədəni irs nümunələrinin real sayı daha çoxdur.
“Abidələrin son siyahısı 2001-ci ildə, işğal dövründə qəbul edilib. İndi isə həmin ərazilərdə monitorinqləri özümüz həyata keçirə bildiyimiz üçün daha çox yeni və maraqlı abidələr aşkarlanır”, – deyə o əlavə edib.
