Qaradağda kağız və gigiyenik məhsullar istehsal edən yeni müəssisə açılıb
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Fabriora Group” MMC-nin kağız və gigiyenik məhsullar istehsal edən müəssisəsinin açılışında iştirak edib.
Dövlət başçısına müəssisənin fəaliyyəti və istehsal imkanları barədə məlumat verilib. Məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Fabriora Group” MMC-nin təsisçisi İbrahim Uygur təqdim ediblər.
Qeyd edilib ki, 11 hektara yaxın ərazidə yerləşən müəssisədə uşaq bezləri, müxtəlif növ salfetlər, yuyucu vasitələr və digər kağız-gigiyenik məhsullar istehsal ediləcək. İstehsal prosesində Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış texnologiyalarından istifadə olunacaq.
Müəssisənin məhsullarının Azərbaycanın daxili bazarında satışı ilə yanaşı, Gürcüstan, Qazaxıstan, Rusiya, Yaxın Şərq ölkələri və digər dövlətlərə ixracı nəzərdə tutulur. Layihə çərçivəsində 240 daimi iş yerinin yaradılması planlaşdırılır.
Müəssisə Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi investisiya müsabiqəsi nəticəsində özəlləşdirilib. Layihəyə yatırılan investisiyanın ümumi həcmi 27 milyon manatdır.
Şirkət investisiya təşviqi sənədi əsasında istehsal avadanlıqlarının idxalı zamanı ƏDV və gömrük rüsumları üzrə 1 milyon manat dəyərində güzəştdən yararlanıb.
Yeni istehsal müəssisəsinin yaradılması ölkədə sənaye potensialının gücləndirilməsi, yerli istehsalın artırılması və yeni ixrac imkanlarının formalaşdırılması baxımından əhəmiyyət daşıyır.




