Paşinyan və Makron arasında görüş: İqtisadiyyat və regional məsələlər müzakirə edildi
Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə Fransanın Prezidenti Emmanuel Makronla bir araya gəlib.
Yelisey Sarayında keçirilən görüşdə Ermənistan-Fransa əlaqələrinin gələcək inkişaf perspektivləri, iqtisadi əməkdaşlıq və regionda baş verən proseslər müzakirə olunub.
Tərəflər iqtisadi əlaqələrin strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri olduğunu bildiriblər.
Paşinyan Ermənistanla Fransa arasında kosmik sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Ermənistanın bu sahədə daha geniş və məzmunlu əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.
Görüşdə Bərgüşat tunelinin tikintisi ilə bağlı məsələlər də diqqət mərkəzində olub. Bildirilib ki, layihə əsas mərhələyə keçib və tikinti işlərinə mümkün qədər tez başlanması vacibdir.
Bərgüşat tuneli Ermənistanın Şimal-Cənub avtomobil yolu layihəsinə daxildir.
Görüşdə həmçinin regional proseslərlə bağlı fikir mübadiləsi aparılıb.
Nikol Paşinyan sentyabrın 9-10-da Parisdə keçirilən ilk Beynəlxalq Kosmik Sammitdə iştirak edir. Tədbirdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələri kosmik sektorun qarşısında duran əsas çağırışları müzakirə edirlər.
