İran ABŞ və İsraili “səhv addımlardan” çəkindirdi

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (KİK) komandanı Məhəmməd Pəkpur bildirib ki, KİK ali rəhbərin əmrlərini yerinə yetirməyə hazırdır və “barmağını tətikdə saxlayır”.
O qeyd edib ki, İran ölkənin müdafiə qabiliyyətini və təhlükəsizliyini ABŞ, İsrail və digər düşmənlərin zərərli hərəkətlərindən qorumaq üçün gücləndirib. Pəkpur vurğulayıb: “Tarixi təcrübədən və 12 günlük savaşdan dərs çıxarın”.
Xatırladaq ki, 2025-ci ilin iyununda İsrail İranın nüvə obyektlərinə hücum etmiş, sonra ABŞ zərbələr endirmişdi. Bir neçə gün sonra tərəflər atəşkəs barədə razılığa gəlmişdi. Hazırda İranda milli valyutanın devalvasiyası və yüksək inflyasiya fonunda geniş etiraz aksiyaları davam edir, ABŞ isə mümkün zorakı təzyiqlərə “çox sərt” variantlarla cavab verməyi nəzərdən keçirir.