Madriddə MAMA “Ana təbiət” sərgisi açılıb
Madriddəki Pons Fondunda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılış mərasimi keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva, Arzu Əliyeva, İspaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Leyla Əliyevanın ideya müəllifi olduğu layihə insan və təbiət arasındakı əlaqəyə, eləcə də ətraf mühitin qorunmasının əhəmiyyətinə diqqət çəkir.
Sərgi ilk dəfə 2024-cü ildə COP29 çərçivəsində Bakıda, Heydər Əliyev Mərkəzində təqdim olunub. Daha sonra Manama, Roma, London, Tbilisi, Berlin, Tirana, Cenevrə və Riqada nümayiş etdirilib.
Madriddəki sərgi Heydər Əliyev Fondunun və Azərbaycanın İspaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Açılışda çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov və İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin nümayəndəsi Lui Fonseka Sançez layihənin ekoloji çağırışlara diqqət çəkdiyini vurğulayıblar.
Leyla Əliyeva çıxışında təbiətin qorunmasının vacibliyini qeyd edərək sərgini daha yaxşı gələcəyə doğru atılan növbəti addım kimi qiymətləndirib.
Qeyd edək ki, sərgi sentyabrın 9-dan 18-dək ziyarətçilər üçün açıq olacaq. Ekspozisiyada Azərbaycan, İspaniya, İtaliya, Latviya, Ukrayna, Gürcüstan, Birləşmiş Krallıq, Almaniya və digər ölkələrdən olan rəssamların əsərləri nümayiş etdirilir.








