Azərbaycan Prezidenti Tacikistanın dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Emoməli Rəhmona təbrik ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi ilə əlaqədar Prezident Emoməli Rəhmona məktub göndərib.
Dövlət başçısı təbrikində Tacikistanın müstəqillik illərində keçdiyi inkişaf yoluna diqqət çəkib və ölkənin əldə etdiyi nailiyyətləri qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, Emoməli Rəhmonun rəhbərliyi dövründə Tacikistan dövlət quruculuğu, daxili sabitlik və sosial-iqtisadi tərəqqi sahələrində əhəmiyyətli nəticələr əldə edib, beynəlxalq mövqeyini gücləndirib.
Azərbaycan-Tacikistan münasibətlərinə də toxunan dövlət başçısı xalqlar arasında ortaq tarixi və mədəni bağların iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib.
İlham Əliyev iki ölkə arasında ali səviyyəli dialoqun və müntəzəm təmasların əməkdaşlığın daha da genişlənməsinə imkan yaratdığını qeyd edib.
Azərbaycan Prezidenti qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələrin, o cümlədən strateji tərəfdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Təbrik məktubunun sonunda Tacikistan Prezidentinə möhkəm cansağlığı və fəaliyyətində uğurlar, Tacikistan xalqına isə sülh, rifah və firavanlıq arzulanıb.
