ICCD 2026: Bakıda süni intellekt və kibertəhlükəsizlik məsələləri müzakirə ediləcək
Bakıda kiberdiplomatiya, süni intellekt və beynəlxalq kibertəhlükəsizlik məsələlərinin müzakirə olunacağı beynəlxalq konfrans təşkil ediləcək.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən verilən məlumata görə, Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans (ICCD 2026) noyabrın 19-da baş tutacaq.
Tədbir Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.
Konfransın builki mövzusu “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” olaraq müəyyənləşdirilib.
ICCD 2026 çərçivəsində süni intellektin diplomatiya və beynəlxalq münasibətlərə təsiri, kibermüttəfiqliklər, strateji muxtariyyət, texnologiya şirkətlərinin geosiyasi proseslərdə artan rolu və informasiya müharibəsi kimi məsələlərə diqqət yetiriləcək.
Bununla yanaşı, “deepfake” texnologiyalarından irəli gələn təhdidlər, kiberməkanda etimadın gücləndirilməsi, dövlətlərin məsuliyyətli davranışı, kritik infrastrukturun müdafiəsi və transsərhəd kibertəhlükəsizlik risklərinin idarə olunması müzakirə mövzuları sırasında olacaq.
Beynəlxalq tədbirdə müxtəlif ölkələrdən ekspertlərin, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı gözlənilir.
Konfransın keçirilməsində məqsəd kiberməkanın gələcəyi ilə bağlı regional və beynəlxalq yanaşmaların müzakirəsi, həmçinin dövlət qurumları, beynəlxalq təşkilatlar, ekspertlər və özəl sektor arasında əməkdaşlığın inkişaf etdirilməsidir.
Xatırladaq ki, Kiberdiplomatiya üzrə ilk Beynəlxalq Konfrans 2024-cü ildə Azərbaycanda keçirilib. Həmin tədbirdə 30-dan çox ölkədən 120-yə yaxın nümayəndə iştirak edib.
