Bakı ilə Kurık arasında sərnişin bərə reyslərinin bərpası təklif olunub
Xəzər dənizi vasitəsilə Azərbaycan və Qazaxıstan arasında sərnişin daşımalarının bərpası ilə bağlı təşəbbüs irəli sürülüb.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel məlumat verib.
Onun sözlərinə görə, Qazaxıstan tərəfi Kurık–Bakı–Kurık marşrutu üzrə sərnişin bərə xəttinin yenidən fəaliyyətə başlamasını təklif edib. Bu istiqamətdə sərnişin daşımaları pandemiyadan əvvəl, 2020-ci ilə qədər həyata keçirilib.
Səfir qeyd edib ki, sərnişin daşımalarının dayandırılmasına qədər sözügedən marşrutdan il ərzində orta hesabla 1 500 nəfər istifadə edib. O, gələcəkdə bu istiqamətə tələbatın daha yüksək olacağını istisna etməyib.
Alim Bayel vurğulayıb ki, bərə əlaqəsinin bərpası Azərbaycan və Qazaxıstan arasında nəqliyyat və sərnişin əlaqələrinin genişlənməsinə, turizm mübadiləsinin artmasına, eləcə də Orta Dəhlizin inkişafına müsbət təsir göstərə bilər.
Bildirilib ki, Azərbaycan tərəfi təşəbbüsü dəstəkləyib. Hazırda iki ölkənin nəqliyyat üzrə aidiyyəti qurumları xəttin mümkün qədər tez bərpa olunması üçün müzakirələri və müvafiq işləri davam etdirirlər.
Qeyd edək ki, hazırda Bakıdan Qazaxıstanın Astana, Almatı, Şımkent, Aktau və Atırau şəhərlərinə həftə ərzində ümumilikdə 37 aviareys həyata keçirilir.
