Türkiyənin Golden Global bankı ABŞ sanksiyalarına etiraz edəcək
Türkiyədə fəaliyyət göstərən investisiya bankı “Golden Global Investment Bank” ABŞ-ın İrana görə tətbiq etdiyi sanksiyaya qarşı çıxıb və qərarın ləğvi üçün hüquqi mübarizə aparacağını açıqlayıb.
Bankın yaydığı bəyanatda bildirilib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) qərarının ləğvi üçün bütün mümkün tədbirlər görüləcək.
Kredit təşkilatı fəaliyyət göstərdiyi bütün dövr ərzində Türkiyə və beynəlxalq bankçılıq qaydalarının tələblərinə tam əməl etdiyini bildirib. Qeyd olunub ki, bank bütün daxili və xarici auditlərdən də uğurla keçib.
“Golden Global” sanksiyaların tətbiqinə səbəb kimi göstərilən fiziki şəxslərin və şirkətlərin bankın müştəriləri olmadığını və hazırda da müştəri sayılmadığını vurğulayıb.
Bank bəyan edib ki, ona qarşı qəbul edilmiş qərara etiraz etmək üçün yerli və beynəlxalq qanunvericilik çərçivəsində bütün qanuni hüquqlarından istifadə edəcək.
