Pakistan ABŞ-ın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na qoşulmağa hazırdır

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na yeni bir ölkə qoşulmaq niyyətini açıqlayıb – Pakistan. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi açıqlamada bildirilir ki, Pakistan 2803 saylı BMT Təhlükəsizlik Şurası qətnaməsi çərçivəsində Qəzza üzrə Sülh Planının həyata keçirilməsinə dəstək məqsədilə Şuraya qoşulmaq qərarını elan etmək istəyir.
Nazirlik vurğulayıb ki, Şuradakı fəaliyyətin məqsədi davamlı atəşkəsin təmin edilməsi, Fələstin xalqına humanitar yardımın artırılması və Qəzza sektorunun bərpasıdır.
Bundan əlavə, Pakistan ümid edir ki, bu addımlar Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə xidmət edəcək. Rəsmi sənəddə qeyd olunur ki, proses etibarlı, müddətlə məhdud siyasi prosedur çərçivəsində aparılmalı, beynəlxalq legitimlik və BMT qətnamələrinə uyğun olmalı, nəticədə isə 1967-ci il sərhədləri əsasında müstəqil, suveren və ərazi bütövlüyü təmin olunmuş Fələstin dövləti yaradılmalıdır. Həmin dövlətin paytaxtı isə Qüds (Əl-Qüds) olacaq.
Urbaninfo.az