Türkiyədə iki ayda 2 mindən çox sosial media hesabına giriş məhdudlaşdırılıb
Türkiyədə rəqəmsal platformalarda terror təbliğatı, təxribat, dezinformasiya və psixoloji müharibə cəhdlərinə qarşı həyata keçirilən tədbirlər çərçivəsində son iki ay ərzində 2 034 sosial media hesabına giriş məhdudlaşdırılıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, tədbirlər Kommunikasiya İdarəsinin koordinasiyası, Baş Prokurorluq və Təhlükəsizlik Baş İdarəsinin Kibercinayətlərlə Mübarizə Departamentinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib.
Məlumata əsasən, məhdudlaşdırılan hesabların 699-u əsasən FETÖ olmaqla, milli təhlükəsizliyi və ictimai birliyi hədəf alan terror və cinayət təşkilatları ilə əlaqəli olub. Digər 1 335 hesabdan isə təxribat, dezinformasiya və psixoloji əməliyyatların aparılması məqsədilə istifadə edildiyi müəyyənləşdirilib.
Burhanettin Duran bildirib ki, Türkiyə rəqəmsal məkanı milli təhlükəsizliyin ayrılmaz hissəsi hesab edir və terror təşkilatlarının sosial media platformalarından təbliğat və dezinformasiya məqsədilə istifadəsinə imkan verməyəcək.
